DÜNYA
Protoinsanlar odu bir milyon il əvvəl ram etmişlər
Bakı, 5 aprel (AZƏRTAC). Cənubi Afrika Respublikası (CAR) ərazisindəki Vonderverk mağarasında primitiv ocaqlar aşkar edən Amerika arxeoloqları bir milyon il əvvəl bu mağarada yaşayan düz gəzən insanı “odun birinci fatehi” adlandırmışlar.
Təsdiq edilmişdir ki, şüurlu insan (Homo sapiens) və neandertallar (Homo neanderthalensis) odu alışdırmağı və qoruyub saxlamağı bacarırdılar. Bunun təsdiqi olan ən qədim sübutlar yaşı təxminən 300-400 min il olan mağara çöküntülərində aşkar edilmişdir. Əldə olan məlumatlar göstərir ki, insanın əcdadları oddan təxminən 700 min il əvvəl istifadə edə bilərdilər.
Digər tərəfdən, 2011-ci ilin avqustunda Kris Orqanın başçılığı ilə Harvard Universitetinin bir qrup arxeoloqu düz gəzən insanın, şimpanzenin, habelə insanın daha primitiv əcdadlarının - ardipitekin və bacarıqlı insanın dişlərinin ölçülərini tutuşduraraq belə qənaətə gəlmişdir ki, müasir insanların ulu babası olan Homo erectus odda hazırlanmış ət və ya başqa yeməklə qidalanmalıymış.
CAR-ın Şimali Kap əyalətindəki Vonderverk mağarasında tarixdən əvvəlki ocaqların qalıqlarını aşkar edən Boston Universitetinin bir qrup arxeoloqu həmin fərziyyə ilə razılaşdığını bildirmişdir.
Bu mağara hələ 1940-cı illərdə paleontoloq və arxeoloqların diqqətini cəlb etmişdir. Yerli fermerlər mağaranın dibindən çıxardıqları gübrənin içində daşlaşmış skeletlər aşkar etmişdilər. Sonralar məlum olmuşdur ki, Vonderverk mağarasının çöküntülərində tarixi son Daş dövründən (10 min il əvvəl) başlayıb 1-1,2 milyon il əvvəlki Aşel mədəniyyətinin yüksəliş dövrünədək uzanan qatlar vardır.