SİYASƏT
Qabonun XİN başçısı müharibədən sonra bölgədəki vəziyyət barədə məlumatlandırılıb
Antalya, 19 iyun, AZƏRTAC
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Qabon Respublikasının xarici işlər naziri Pakome Moubelet Boupeya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və müharibədən sonra mövcud olan vəziyyətlə bağlı ətraflı məlumat verib. O, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin Qabon tərəfindən dəstəklənməsinə görə təşəkkürünü ifadə edib. Həmçinin nazir təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Qoşulmama Hərəkatına və İƏT-ə üzv ölkələrin tələbələrinin Azərbaycanda təhsil almaq imkanlarından bəhs edib.
Nazir Pakome Moubelet Boupeya ölkəsinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Qarşılıqlı səfər mübadiləsinin əlaqələrin inkişafına müsbət təsir edəcəyi bildirilib.
Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya