SİYASƏT
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
Bakı, 24 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların girov götürülməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: “Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyi ilə əlaqədar və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Bununla yanaşı, girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.
Bütün bunların nəticəsi kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə foto əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri və ermənilər tərəfindən öldürüldüyü ehtimal edilən Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və bu şəxsin Həsən Həsənov olduğu təsdiq edilib. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.
Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəkdir”.