İQTİSADİYYAT
Qarabağ Dirçəliş Fondu: Tezliklə Qarabağa sərmayələrin ayrılması ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh”-1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində Qarabağ Dirçəliş Fondu “Karabakh Center” layihəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova sərgidə çıxışı zamanı deyib.
O bildirib ki, erməni təcavüzü nəticəsində ərazilərimizə, ekologiyamıza, maddi-mənəvi irsimizə ciddi ziyan dəyib. Bu zərərin aradan qaldırılması mürəkkəb prosesdir. Burada “Karabakh challenge” kompaniyası təqdim olunub. Bu kompaniya maraqla qarşılanıb və istəyən hər kəs stendə yaxınlaşıb ianə edir. İanə etmiş şəxslərə onlayn qaydada təşəkkür sertifikatı təqdim olunub. Əlbəttə, dövlətin yetərincə resursu var amma hər birimiz Qarabağın dirçəlişini, bərpasını daha tez zamanda istəyiriksə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı soydaşımız bu prosesdə iştirak etməlidir.
P.Məmmədova qeyd edib ki, sərgidə yerli şirkətlərlə yanaşı xarici şirkətlər də iştirak edir. Burada əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərini və nəticələrini daha geniş auditoriyaya çatdırmaqdır. Eyni zamanda, sərgi çərçivəsində “Yüksəliş” müsabiqəsinin həm iştirakçıları, həm də qalibləri ilə görüş olub. Qarabağın da yenidən qurulması və bərpası istiqamətində “Yüksəliş” müsabiqəsinin iştirakçıları öz layihə və təkliflərini irəli sürüblər və yaxın günlərdə layihələr Fonda təqdim ediləcək.
“Müşahidə şurasının növbəti iclası keçirilib. İclasda Qarabağın bərpası istiqamətində müxtəlif layihələrin icra olunması və həmin layihələrə ayrılacaq vəsaitlər barəsində geniş müzakirə aparılıb. Yaxın günlərdə sərmayələrin ayrılması ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq. “Karabakh Center” layihəsi vahid platformadır. Bu platformaya hər dəfə yeni layihələr əlavə olunur və olunacaq. Növbəti layihə bir neçə gün sonra əlavə ediləcək və təqdimatı keçiriləcək. Bu layihə Vətən müharibəsi dövründə ermənilərin törətdiyi vəhşiliklər və terrorun nəticələri barəsindədir. Stenddə rəssam “Qarabağda payız” adlı rəsm işləyib. Məqsəd ondan ibarətdir ki, hər kəs bu rəsmə bir fırça çəksin. Şəkil çəkməyi bacarıb bacarmamaq önəmli deyil. İştirakçılar və ziyarətçilər rəsmə bir fırça çəkirsə, deməli Qarabağın bərpasına da bir “fırça” çəkə bilər. Həmrəy olaraq Qarabağımızı tezliklə dirçəldə bilərik”, - deyə Pərvin Məmmədova əlavə edib.