ELM VƏ TƏHSİL
“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də “Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları nəticəsində Qarabağı Ermənistanın işğalından azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini Qarabağın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu qeyd edərək burada islam dövrünə aid 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələrin qeydə alındığını vurğulayıb. Qeyd edilib ki, orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlayıb. Bütün müsəlman Şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib, sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməyib. Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə, davam edən vandalizmi Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazilərdə qalmaqla talan edilib, səhiyyə, təhsil müəssisələri və digər infrastruktur binaları dağıdılıb. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib. Hazırda Qarabağ bölgəsində infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planları təsdiq edilir.
Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Vətən müharibəsi iştirakçısı Mehman İbrahimov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən bəhs edib, qalibləri təbrik ediblər.
Sonra müsabiqədə I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.
Mərasimdə Sonda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu çıxış edib.
Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqəyə ümumilikdə 15000-dən artıq iş daxil olub və münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.
Onlayn platformada keçirilən müsabiqənin məqsədi Qarabağın qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarət olub.