ELM VƏ TƏHSİL
Qarabağa qayıdışın səmərəli təşkili üçün keçirilən sorğularda növbəti mərhələ başlamaq üzrədir
Bakı, 9 aprel, AZƏRTAC
Vətən müharibəsində qazanılan şanlı zəfərlə düşmən işğalından azad olunan torpaqlara qayıdış və bu prosesin ən effektiv şəkildə təşkili bu gün hökumətin gündəliyində yer alan ən vacib məsələlərdən biridir.
İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə dövlət sifarişi əsasında ADA Universitetində “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işi aparılır. UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, sorğu ilə bağlı tədqiqat qrupunun üzvü, Xətai Alıyev AZƏRTAC-a açıqlamasında bildirib ki, tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçirilib.
Həmin sorğulardan birincisi - kütləvi xarakter daşıyan və bütün məcburi köçkünlərin iştirak edə biləcəyi onlayn sorğudur. Fevralın 22-dən başlayan bu onlayn sorğu hazırda davam edir. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır.
Qarabağın bərpası və gələcək inkişafında məcburi köçkünlərin rəyinin öyrənilməsi məqsədilə keçirilən müsahibə xarakterli əyani sorğunun ilk mərhələsi isə martın 9-da başlayıb və martın 25-də başa çatıb. Üzbəüz Sorğunun ilk mərhələsinin sonuncu müsahibəsi Xocalı sakini olan və Bakıda məskunlaşan məcburi köçkünümüzlə həyata keçirilib. Əyani sorğunun ilkin təhlil nəticələri hökumətə təqdim ediləcək.
Xətai Alıyev, həmçinin diqqətə çatdırıb ki, Qarabağın bərpa və gələcək inkişafında özəl sektorun iştirakı və qoyulacaq yatırımların əhəmiyyəti önəm daşıdığından, sahibkarlar arasında da sorğu təşkil ediləcək. Məqsəd sahibkarların işğaldan azad olunan ərazilərdə investisiya qoyuluşu ilə bağlı rəyini öyrənməkdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” tərəfindən verilən məlumata görə, sahibkarlar arasında keçiriləcək ilk sorğunun hazırlıq mərhələsi tamamlanıb və rəy üçün müvafiq dövlət qurumlarına göndərilib. Sorğunun müsahibə formatında təxminən 300 sahibkarla keçirilməsi nəzərdə tutulur.