İQTİSADİYYAT
Qaraçuxur qəsəbəsinin Nizami İsmayılov küçəsi təmir olunur VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Bakı şəhərinin Suraxanı rayonunun 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18,5 kilometr olan qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki İnvestisiya Proqramı çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində 1 kilometr uzunluğa malik Nizami İsmayılov küçəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunur.
Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra edilir.
Təmir zamanı küçəboyu piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Sonuncu mərhələdə isə küçəboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd olunub ki, cari il ərzində qəsəbə üzrə Cəlal Qurbanov və Zaur Şərifov küçələri təmir edilib.
Ümumilikdə isə 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə Oqtay Şabanov, Abbas Fətullayev, Bağça küçələri, 68-ci və 80-ci məhəllələrin təmiri yekunlaşıb. Hazırda rayonun Rüfət Abdullayev və Dənizkənarı küçələri, Südçülük sovxozu və Şərq yaşayış massivi yolunda təmir işləri aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 kilometrə qədər qəsəbədaxili küçə və yolların təmiri işləri həyata keçirilib.