REGİONLAR
Qax tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 3745 ton yaşıl tütün qəbul edib
Qax, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi bu günədək fermerlərdən 3745 ton yaşıl tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 413 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Polad Mirzəxanov məlumat verib.
Məntəqə müdirinin sözlərinə görə, havaların tütünçülük üçün əlverişli keçməsi, həmçinin yüksək aqrotexniki tədbirlər nəticəsində bu il tütün sahələrində bol məhsul yetişib. Son günlər tütün yığımının sürəti daha da artıb. Hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 60-65 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir.
Polad Mirzəxanov bildirib ki, Qorağan kəndindən olan fermer Telman Şahmalıyev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 255 ton “Virciniya” növlü yaşıl tütün təhvil verib. Qaxingiloy kənd sakini Elşən İbrahimov isə məntəqəyə hələlik 157 ton yaşıl tütün gətirib.
Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar. Zəyəm kəndindən olan fermer Qüdrət Alagözov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il 6 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, sahələrdən 120 ton yaşıl tütün kütləsi toplayaraq emal məntəqəsinə təhvil verib. Dövlətin bu sahəyə dəstəyindən, həmçinin ötən il əldə etdiyi gəlirdən ruhlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 10 hektara çatdırıb. O, indiyədək emal məntəqəsinə 67 ton yaşıl tütün kütləsi təhvil verib. Zəyəmli fermer bu il 200 ton yaşıl tütün istehsal etməyi qarşısına məqsəd qoyub.