SİYASƏT
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının I qurultayı keçiriləcəkdir
Bakı, 19 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Almatı şəhərində Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının I qurultayı keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda Assosiasiyaya üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinləniləcək, quruma yeni sədr seçiləcəkdir.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Prezident Nursultan Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyasının (QXA) üzvüdür.
Qurultaya Qazaxıstanın dövlət, hökumət strukturlarının nümayəndələri, deputatları ilə yanaşı, QXA üzvü olan müxtəlif xalqların etno-mədəni təşkilatlarının təmsilçiləri, ziyalılar, incəsənət xadimləri, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, Almaniya, Özbəkistan və digər xalqların Qazaxıstandakı mədəniyyət mərkəzlərinin rəhbərləri dəvət olunmuşlar.
Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edəcəklər.