SİYASƏT
Qazaxıstan Prezidenti Astanada yaşayan iki soydaşımıza təşəkkür məktubu göndərmişdir
Astana, 5 may (AZƏRTAC). Qazaxıstan Prezidentinin seçki kampaniyasında vəkil kimi fəal iştirak etdiyinə görə, Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov və “Nur Otan” Xalq Demokratik Partiyası Astana şəhər filialının fəal üzvü, seçkilərdə prezidentin vəkili olmuş Şahin Bəşirov dövlət başçısı Nursultan Nazarbayevin adından məktub almışlar.
Məktubda deyilir: “Qazaxıstan Prezidentinin seçki kampaniyasında fəal iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Seçkilərdə mənim qələbəmi bizim ümumi uğurumuz, bundan sonra keçiriləcək islahatlar və modernləşdirmə kursunun davam etdirilməsi, hər bir ailənin, hər qazaxıstanlının rifah halının yüksəldilməsi kimi qəbul edirəm. Sizə, ailənizə və yaxın adamlarınıza möhkəm cansağlığı və firavanlıq arzulayıram”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana