SİYASƏT
Qazaxıstanda repressiyaya məruz qalmış azərbaycanlı qadınlara abidə ucaldılmışdır
Bakı, 7 may (AZƏRTAC). Qazaxıstanın Astana şəhərinin yaxınlığındakı Akmola qəsəbəsində repressiyaya məruz qalmış azərbaycanlı qadınların xatirəsinə memorial abidə ucaldılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, abidə Qazaxıstandakı Azərbaycan diasporu, Astana şəhəri “Xəzər” Mədəniyyət Mərkəzi və “Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı”nın birgə təşəbbüsü ilə ucaldılmışdır.
Abidə ötən əsrin 30-40-cı illərində “Akmola siyasi repressiyalara məruz qalmış şəxslərin həyat yoldaşları düşərgəsi”nin yerləşdiyi ərazidə qoyulmuşdur.
Qeyd edək ki, 1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 49 qadın saxlanılmışdır. Onların əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunmuşlar.