REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib
Qəbələ, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz bayramı şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şənlikdə çıxış edən Qoruğun direktoru Zahir Kərimov Novruz bayramının milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir xalqımızın həyatında mühüm yer tutduğunu bildirib. Vurğulayıb ki, üç ildir torpaqlarımız düşməndən azad olunub, xalqımız Novruz bayramını ikiqat sevinc hissi ilə qeyd edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, xalqımız bu möhtəşəm Zəfəri bizə yaşatdığına görə Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında canlarını sipər edərək, düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza minnətdardır. Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır.
Bayram tonqalı alovlandırıldıqdan sonra uşaqlar tonqalın ətrafında yallı gedib, rəqs edib, şənləniblər. Qoruğun himayəyə götürdüyü Çuxur Qəbələ kənd tam orta məktəbin şagirdləri tərəfindən ifa edilən Novruzun əsas atributları Kosa ilə Keçəl öz duzlu-məzəli zarafatları ilə şənlik iştirakçılarında ruh yüksəkliyi yaradıb.
Tədbirdə, həmçinin milli adət-ənənələrimizi özündə əks etdirən ipəkçilik, sənətkarlıq və qədim təsərrüfat alətləri nümayiş etdirilib, uşaqlar üçün bayram süfrəsi təşkil olunub.