REGİONLAR
Qəbələdə dağ çaylarında bəndlər qurulur, suvarma kanalları beton üzlüyə alınır VİDEO
Qəbələ, 1 noyabr, AZƏRTAC
Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan dağ çaylarında sahil mühafizə tədbirləri görülür. Bu məqsədlə Dəmiraparan çayın sağ sahilində daş-beton bənd vurulur, çay məcraları buldozerlərlə təmizlənir.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon ərazisində əkinəyararlı torpaqların və yaşayış məntəqələrinin mühafizəsi üçün 15 kilometr məsafədə tikilmiş əsas sahilqoruyucu daş-beton bəndlər mövcuddur. Bundan başqa, sel təhlükəsinə qarşı 2021-ci ilin 9 ayı ərzində 22,7 kilometr məsafədə 447 min kubmetr məcratəmizləmə işləri görülüb, əlavə olaraq 91 kubmetr qabion bənd, 28 kubmetr şax-daş bənd vurulub.
Kanallarda su itkisinin qarşısının alınması məqsədilə bu günə qədər 13 kilometr məsafədə təsərrüfatlararası kanala beton üzlük çəkilib, 2021-ci ildə bu işin davamı olaraq 1800 paqonometr məsafədə kanala beton üzlük çəkilməsi planlaşdırılıb və hazırda işlər davam edir. 2021-ci ilin suvarma mövsümündə bu günə qədər suvarma mənbəyindən 50750 min kubmetr su götürülərək 40600 min kubmetr bir başa su istifadəçilərinə çatdırılmaqla 43301 hektar fiziki sahə suvarma suyu ilə təmin edilib.
Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən 7 ədəd hidrotexniki qurğu, 1 ədəd hidrometrik post və inzibati idarə binası cari təmir edilib. Bundan başqa idarənin balansında olan 115 ədəd subartezian quyusundan 2-si əsaslı, 2-si isə cari təmirə dayandırılıb. Hazırda 111 ədədi istismara tam yararlı vəziyyətdədir.