ELM VƏ TƏHSİL
QƏBƏLƏNİN MƏKTƏBLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRDIR
Prezident Heydər Əliyevin ”Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcüd məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Qəbələ rayonunda da xeyli iş görülmüşdür. Ötən illərdən fərqli olaraq, rayonun bütün məktəbləri təmir olunmuş, bu məqsədlə 4 min kvadratmetr pəncərə şüşəsi, 5 min ədəd şifer, 500 kubmetr taxta materialı, 5 tondan artıq boya, 10 tondan çox əhəng və digər tikinti materiallarından istifadə edilmişdir. Ümumiyyətlə, yeni dərs ilinə hazırlıqla əlaqədar 550 milyon manatlıqdan çox təmir-tikinti materialları alınmşdır.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Norveç humanitar təşkilatının köməyi ilə şəhərdə və Yemişanlı kəndində əlavə sinif otaqları tikilmiş, İFAT təşkilatı isə Vəndam kəndindəki 1-3 nömrəli, Həmzəlli, Aydınqışlaq və Bum kənd məktəblərində əsaslı və olduqca keyfiyyətli təmir işləri aparmışdır.
Yeni dərs ilində ehtiyacı olan məktəblərə 65 milyon manatlıq parta, stul verilmişdir. Təhsil Nazirliyi tərəfindən ayrılmış pulsuz dərsliklər bölgü üzrə bütün məktəblərə paylanmışdır.