DÜNYA
Qlobal istiləşmə Yerdə sutkaları qısaldacaqdır
Bakı, 20 fevral (AZƏRTAC). Hər dəfə Yerin dövretmə oxuna nisbətən kütləsinin yenidən bölgüsü baş verərkən planet öz dövretməsini dəyişir. Belə ki, okean sularının yerdəyişməsi bəzən Yerin daha sürətlə fırlanmasına və nəticədə sutkaların qısalmasına gətirib çıxarır.
Hələ 2009-cu ildə Reaktiv Hərəkət Laboratoriyasının (RHL), habelə Fransa Yerin Fizikası İnstitutunun (IPGP) tədqiqatçıları müəyyən etmişlər ki, Yeri dövrələyən Antarktik qütbyanı cərəyan (Qərb küləkləri cərəyanı) 2009-cu il noyabrın 8-də öz hərəkət sürətini azaltmışdır. Hesablamalar göstərmişdir ki, bu, Yerin hərəkətinin sürətlənməsinə və günün 0,1 millisaniyə qısalmasına səbəb olmuşdur. Lakin artıq noyabrın 20-də cərəyanın sürəti yenidən artmış, planetin dövretmə sürəti isə əvvəlki göstəriciyə qayıtmışdır.
O zaman alimlər ilk dəfə olaraq okean sularının hərəkətindəki mühüm dəyişikliklərin Yerin öz oxu ətrafında fırlanmasına necə təsir göstərdiyini müşahidə etmişlər. Müşahidə olunmuş hadisəni mütəxəssislər yalnız indi izah edə bilmişlər.
Qeyd edək ki, planetimizin fırlanma sürətinə təsir göstərən bir neçə amil mövcuddur. Ən mühüm amillərdən biri küləyin sürətidir. New Scientist yazır ki, küləyin sürəti azaldıqda planet öz sürətini artırır. Küləklər okeanda suların sürətinin artmasına kömək göstərir və müvafiq olaraq külək olmadıqda cərəyanların sürəti azalır. 2009-cu ilin payızında da məhz bu baş vermişdi. Küləklər güclənən kimi hər şey bilavasitə öz məcrasına qayıtdı.
Mütəxəssislər qeyd edirlər ki, bu ssenarinin təkrarlanması ehtimalı yüksəkdir. Səbəbkar iqlimdir, daha dəqiq desək, qlobal istiləşmədir. Dünya okeanında suyun temperaturunun artması üzündən kütlənin yüksək en dairələrinə, qütblərə və deməli, Yerin oxuna yaxın keçməsi baş verəcəkdir. Bu, şübhəsiz, onun dövretmə sürətinə və Yerdə sutkaların müddətinə təsir göstərəcəkdir.