RƏSMİ XRONİKA
QOBUSTAN AZƏRBAYCANIN QƏDİM TARİXİNİN YADİGARIDIR
![QOBUSTAN AZƏRBAYCANIN QƏDİM TARİXİNİN YADİGARIDIR](/files/2008/2/1200x630/14864604394184016218_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen mayın 11-də Qobustan Dövlət tarixi-bədii qoruğunda olmuşdur.
Qonaqlara məlumat verildi ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. O, Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılmışdır.
4 min hektardan artıq ərazidə yerləşən və 6 min qayaüstü rəsmin qorunduğu Qobustanın YUNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilməsi barədə məlumatı ali qonaq və nümayəndə heyətinin üzvləri maraqla qarşıladılar.
İsveçrə rəhbərinə Prezident İlham Əliyevin göstərişinə müvafiq olaraq, ətraf yolların, su kəmərlərinin bərpasına, yeni binanın tikintisinə hazırlıq işlərinin aparıldığı barədə də məlumat verildi.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan İsveçrə Prezidenti Paskal Kuşpen ərazidə aparılmış tədqiqat işləri ilə, tarixi eksponatlarla maraqlandı. Ali qonaq Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bildiyini, Qobustana səfərdən və qayaüstü rəsmlərlə tanışlıqdan sonra bunu bir daha yəqin etdiyini vurğuladı.
İsveçrə Prezidenti qoruğun Xatirə kitabına ürək sözlərini yazdı.
######