MƏDƏNİYYƏT
“Qu gölü” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda nümayiş etdiriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 7-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsəri Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Baletin Primorye səhnəsində premyerası 2016-cı il avqustun 9-da olub.
Eldar Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. Eldar Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.