SİYASƏT
Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır
Bakı, 11 iyun (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə təşkilatın aparat rəhbəri Ramil Vəlibəyov çıxış edərək qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu demişdir. O bildirmişdir ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olmuşdur.
Rayon ağsaqqallar şurasının sədri Mail Əliyev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açmış, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilmişdir.
Qeyd olunmuşdur ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, bədxahlarımızın Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratmışdır.
Çıxış edən rayon ağsaqqalları Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin lazımınca dəyərləndirilməsini yüksək qiymətləndirmiş, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevi dəstəklədiklərini diqqətə çatdırmışlar.
Sonda Nizami Rayon Ağsaqqallar Şurasının yeni üzvlərinə vəsiqələr və YAP Nizami rayon təşkilatının hədiyyələri təqdim edilmişdir.