REGİONLAR
Qusarın dağlıq ərazidə yerləşən Urva kəndi suvarma suyu ilə təmin olunub VİDEO
Qusar, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun dağlıq yaşayış məntəqələrindən olan Urva kəndi ilk dəfə suvarma suyu ilə təmin edilib.
Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə Urva elektrik nasos stansiyası istifadəyə verilib. Bir aqreqatlı nasos vasitəsilə Cağar-Cibir kanalından götürülən su kənd ərazində yaradılan gölə ötürülür, daha sonra isə duruldularaq torpaq mülkiyyətçilərinin istifadəsinə verilir. Həmin sudan suvarma ilə yanaşı, içməli su kimi də istifadə edilir.
Urva kəndində yeni istifadəyə verilən nasos stansiyası kənd sakinlərinin böyük sevincinə səbəb olub. Uzun illər həm suvarma, həm də içməli su sarıdan böyük əziyyət çəkən kənd sakinləri indi bol məhsul yetişdirəcəklərini bildirirlər.
Qusar Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Aslanşah Abuyev deyib ki, rayonda əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən meliorativ tədbirlərdən biri də sahilbərkitmə işləridir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən həm Qusar şəhəri, həm də Qayakənd kəndi ərazisində bəndvurma işləri görülür. Məqsəd yaşayış məntəqələrini sel sularından mühafizə etməkdir.
Rayonda 29 min 300 hektar suvarılan sahə mövcuddur. Bu sahələr 1579 kilometr uzunluğunda olan kanallar vasitəsilə suvarılır. Hazırda bağ və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə rayonun Kuzunqışlaq kəndində elektrik nasos stansiyası inşa edilir. Nasos stansiyası istifadəyə verildikdən sonra qeyd olunan ərazidə suvarma təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.