SİYASƏT
RAGT və UNAİDS Smolenskdə “İÇV/QİÇS-ə qarşı birlikdə” adlı aksiya keçirmişlər
Moskva, 24 noyabr (AZƏRTAC). Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə RAGT Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə Birgə Proqramı (UNAİDS) ilə birlikdə Smolensk vilayətində “İÇV/QİÇS-ə qarşı birlikdə” adlı aksiya keçirmişdir. Layihəyə Moskvada RAGT tərəfindən UNAİDS ilə birlikdə təşkil olunmuş, İÇV/QİÇS-ə qarşı mübarizə məsələlərinə həsr edilmiş konfransda start verilmişdir.
RAGT-nin nümayəndəsi Samir Əliyev AZƏRTAC-a bildirmişdir ki, gənclər təşkilatının fəalları Smolensk şəhərindəki 27 nömrəli məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.
100-dən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə mühazirələr oxunmuş, mövzuya aid elmi-kütləvi film nümayiş etdirilmişdir.
Bədən tərbiyəsi-sağlamlıq dispanserinin nümayəndəsi Tatyana Lebedeva mühazirə ilə çıxış etmişdir. Sağlam həyat tərzinin müxtəlif aspektləri barədə ətraflı söhbət açmış mühazirəçi şagirdlərə Rusiyada millətin sağlamlığının qorunması sahəsində həyata keçirilən hökumət proqramları barədə məlumat vermişdir.
RAGT adından mühazirələrlə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 6-cı kurs tələbəsi Yuri Prokopenko və Smolensk Dövlət Tibb Akademiyasının 4-cü kurs tələbəsi Salman Mehdiyev çıxış etmişdir. Onlar İÇV/QİÇS problemi, onun yayılma yolları və profilaktika metodları barədə məlumat vermişlər. Bu mövzuya həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
Mühazirələr başa çatandan sonra mühazirəçilərə verilən çoxsaylı suallar belə mühazirələrin zəruri olmasına dəlalət edir.
Məktəblilərə futbol maykaları, kepkalar və informasiya kitabçaları paylanmışdır.
Məktəbin direktoru, RF-nin əməkdar müəllimi Tatyana Trubnikova öz çıxışında bu tədbirin yeniyetmələr üçün vacibliyini vurğulamış və görüşün təşkilatçılarına RAGT sədri Leyla Əliyevaya ünvanlanmış təşəkkür məktubunu təqdim etmişdir.
Gənclər təşkilatının nümayəndələrinin səfəri çərçivəsində Smolensk köçürmə mərkəzində “Qanın milləti yoxdur” devizi ilə donor aksiyası da keçirilmişdir. Smolensk Dövlət Tibb Akademiyasının tələbələri donorluq etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
######