İDMAN
“REAL”IN ÇİNƏ SƏFƏRİ QALMAQALLA NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki, Madridin dünya şöhrətli “Real” klubu Çinə səfərə gəlmişdir. Madridlilər ilk yoldaşlıq görüşünü Honkonqda Çin yıgma komandasına qarşı keçirmiş və gözəl futbol nümayiş etdirərək 4-2 hesabı ilə qələbə qazanmışlar. Lakin “Real”ın Çinə bu səfəri qalmaqalla nəticələnmişdir. Belə ki, Honkonqda nümunəvi məşqlər ləğv olunduğu üçün yığma komanda ilə görüşdən əvvəl yerli mətbuatda hay-küy qalxmışdır. Məşqlərə baxmaq üçün bahalı biletlər alan minlərlə adam İspaniya futbolçularını səbirsizliklə gözləsələr də onlar gəlib çıxmamışlar. Ancaq bəzi futbolçular, o cümlədən Ronaldo gecə Honkonqun küçələrinə gəzintiyə çıxmışdır. Ertəsi gün mətbuatda onların şəkilləri peyda olmuş, “Real”ı Çin azarkeşlərinə qarşı hörmətsizlikdə ittiham etmişlər. Qalmaqal o dərəcəyə çatmışdı ki, klubun prezidenti Florentino Peres televiziya ilə çıxış edib üzr istəmiş və demişdir ki, klubun oyunçuları ilə birgə Çinə böyük hörmət bəsləyir və Şanxayda gənclər üçün futbol məktəbi təşkil etmək qərarına gəlinmişdir.