MƏDƏNİYYƏT
“RUSİYA-AZƏRBAYCAN” DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI MİNGƏÇEVİRƏ ÇATMIŞLAR
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 16-da Sankt-Peterburq şəhərindən start götürmüş “Rusiya-Azərbaycan” dostluq avtoyürüşünün iştirakçıları Azərbaycanın Mingəçevir şəhərinə çatmışlar.
Bununla da 9 gün ərzində 3 min 200 kilometrdən çox məsafə qət edən avtoyürüşə yekun vurulmuşdur.
Rusiyanın Azərbaycanlı Gəncləri Birliyi (AMOR) və Sankt-Peterburqda fəaliyyət göstərən “Açıq Torpaq” avtomobil klubunun birgə təşkilatçılığı ilə keçirilən avtoyürüş faşizm üzərində Qələbənin 65 illik yubileyinə həsr olunmuşdur.
Mingəçevir şəhərində iştirakçıları şəhər rəhbərliyi, müharibə veteranları və sakinlər qarşılamışlar. Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin xatirəsini yad etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.
Çıxış edən veteranlar qeyd etmişlər ki, Qələbənin 65 illik yubileyi ilə əlaqədar olaraq iştirakçıların Sankt-Peterburqdan Mingəçevirədək yürüş etmələri iki xalq arasında dostluq münasibətlərinin əyani göstəricisidir.
Yürüş iştirakçıları füsunkar təbiətə malik Azərbaycanın kifayət qədər inkişaf etmiş ölkə olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri, eləcə də Mingəçevir son illər ərzində sürətlə inkişaf etmişdir.
Sonra Rusiyada və dünyanın başqa ölkələrində yaşayan keçmiş mingəçevirlilər uzun illərin ayrılığından sonra ötən günlərini xatırlamış, doğma şəhəri gəzmiş, onun görməli yerləri ilə tanış olmuşlar.
Rusiya Federasiyasının müxtəlif regionlarından keçən avtoyürüşə qoşulmuş turizm həvəskarları həmin ölkənin və Azərbaycanın təbiəti, tarixi abidələri, muzeyləri, milli adət-ənənələri ilə yaxından tanış olmuş, hazırladıqları mədəni proqramlarla çıxışlar etmişlər.
Səksəndən çox avtomobilin iştirakı ilə təşkil olunan avtoyürüşün iştirakçıları Moskva, Voronej, Novoçerkassk, Rostov, Budyonovsk, Mahaçqala şəhərlərindən keçmişlər. Marşrut üzrə planlaşdırılan dayanacaqlarda AMOR-un regional nümayəndəliklərinin üzvləri ilə görüşlər keçirilmiş, təşkilatın fəaliyyəti haqqında məlumat verilmiş, habelə Azərbaycanın turizm potensialı, tarixi və mədəni irsi geniş təbliğ olunmuşdur.
Avtoyürüş iştirakçıları Böyük Vətən müharibəsi zamanı Taqanroq şəhərinin alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş 130-cu və 416-cı Azərbaycan atıcı diviziyalarının döyüşçülərinin xatirəsinə ucaldılmış Şərəf Memorialının önünə gül dəstələri düzmüşlər. Memorial 1980-ci il mayın 7-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmışdır.
Artıq dördüncü ildir təşkil olunan avtoyürüş zamanı müxtəlif müsabiqələr və avtomobil yarışları keçiriləcək, qaliblərə AMOR-un mükafatları veriləcəkdir. Bundan əlavə, Azərbaycanın turizm potensialı, zəngin mədəniyyəti, qədim tarixi-milli adət ənənələri ilə yaxından tanış olmaları üçün rayon və şəhərlərə ekskursiyalar təşkil ediləcəkdir.