ELM VƏ TƏHSİL
RUSİYA FEDERASİYASININ SƏFİRİ NİKOLAY RYABOVUN ÇIXIŞI
Sonra Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri NİKOLAY RYABOV çıxış etdi. O, qurultayın qonaqlarını və iştirakçılarını təbrik edərək dedi: Rusiyada yaxşı məlumdur ki, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişafı üçün Prezident Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə böyük iş görülmüşdür. Rusiya Federasiyası Prezidentinin xanımı Lyudmila Putinanın Baş nazir İlham Əliyevlə görüşdə, rus mətbuatının V Ümumdünya konqresinin iştirakçıları qarşısında söylədiyi nitqdə dediyi sözlər də buna sübutdur. Xanım Putina Azərbaycanda rus dilinə, rus mədəniyyətinə hörmətcil və həssas münasibət göstərilməsindən heyran qaldığını bildirmişdir. Səfir xüsusi vurğuladı ki, Azərbaycan məktəblərində nizam-intizam məsələsi narahatlıq doğurmur, narkotiklər və spirtli içkilər məktəb mühitinə geniş miqyasda yol tapmayıbdır. Mənəvi və əxlaqi cəhətdən sağlam olan Azərbaycan gəncliyi Azərbaycan xalqının başlıca sərvəti və zənginliyidir. Diplomat səfirliklə Azərbaycanın ali məktəbləri arasında yaranmış əlaqələrin, ölkələrimizin təhsil nazirlikləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu nəzərə çarpdırdı, Rusiyanın təhsil naziri Vladimir Filippovun qurultay iştirakçılarına təbrik məktubunu oxudu.