İDMAN
Rusiya II Avropa Oyunlarında ilk üçlüyə daxil olmağa çalışacaq
Bakı, 22 aprel, AZƏRTAC
Minskdə keçiriləcək Avropa Oyunlarında Rusiya yığmasının əsas məqsədi ümumi komanda hesabında ilk üçlükdə yer almaqdır. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov TASS agentliyinə müsahibəsində bildirib.
Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Həmin oyunlarda Rusiya komandası ümumi komanda hesabında qalib gəlib və 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc) qazanıb.
S.Pozdnyakov deyib: “Avropa Oyunlarında əsas vəzifə ümumi komanda hesabında ilk üçlüyə daxil olmaqdır. Biz həmişə - həm Olimpiya, həm də Avropa oyunlarında qarşımıza bu məqsədi qoyuruq. İkinci vəzifəmiz isə, bütün idman növlərində, xüsusən Oyunlarda ilk dəfə təqdim olunacaq yarışlarda uğurla çıxış etməkdir”.
İkinci Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Yarışlarda 50 ölkənin idmançıları 15 idman növü üzrə 199 medal dəsti uğrunda mübarizə aparacaqlar. Səkkiz idman növü üzrə yarışlar Tokio-2020 Olimpiya Oyunlarının təsnifatına daxil olacaq.