İQTİSADİYYAT
“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub
Moskva, 18 may, AZƏRTAC
Rusiya digər ölkələrlə, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq şəraitində “Şimal – Cənub” dəhlizinin yaradılması üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə RF Hökuməti sədrinin müavini Aleksey Overçuk “Rusiya – İslam dünyası: KazanForum” forumunun plenar sessiyasında bildirib.
O qeyd edib ki, layihə böyük Avrasiyanın nəqliyyat-logistika əlaqəsinin və əmtəə istehsalçıları üçün rəqabət şəraitinin təmin edilməsinə yönəlib.
“Burada həmkarlar artıq bizim tərəfdaşlarımızla apardığımız infrastruktur layihələrindən, “Şimal – Cənub” dəhlizinin yaradılmasından danışdılar. Bu, həm dəmir yolu, həm də avtomobil daşımalarının inkişafıdır”, - deyə Overçuk əlavə edib. Onun sözlərinə görə, burada RF Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan ilə sıx əməkdaşlıq edir.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Husnullin “KazanForum” çərçivəsində “Asiya və Yaxın Şərq ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin (BND) inkişafı” sessiyasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin Rusiyanın mühüm layihələrindən biri olduğunu bildirib. “Nəqliyyat dəhlizlərinin inkişafı dedikdə, Xəzərin Azərbaycan, İran ərazisi üzərindən qərb istiqamətinə və Fars körfəzinə çıxışını nəzərdə tuturuq. Qazaxıstan, Türkmənistan, İran ərazisindən Fars körfəzinə çıxışla Xəzərin şərq istiqamətinə uzanan marşrut Mərkəzi Asiyanın nəqliyyat magistrallarının Rusiya ərazisi ilə əlaqəsini nəzərdə tutur”, - deyə Overçuk bildirib.
Husnullinin sözlərinə görə, “Şimal – Cənub” nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu əlaqələrini inkişaf etdirmək lazımdır. İkinci istiqamət su yollarının inkişafıdır. “Volqa üzərindən su yollarını maksimum inkişaf etdirməyi, Xəzər dənizinin ətrafındakı bütün ölkələrin limanları ilə əlaqəni təmin etməyi planlaşdırırıq” – deyə o bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva