DÜNYA
RUSİYA TƏHSİL NAZİRLİYİ ƏCNƏBİ TƏLƏBƏLƏRƏ ÖZÜNÜMÜDAFİƏ FƏNDLƏRİ ÖYRƏDƏCƏK
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Voronejin ali məktəblərində oxuyan əcnəbi tələbələr RF Təhsil Nazirliyindən davranış və təhlükəsizlik qaydaları haqqında kitabça alacaqlar. Nazirlik bu yaxınlarda Voronejdə perulu tələbənin vəhşicəsinə öldürülməsi faktı ilə əlaqədar bu cür tədbir görmək qərarına gəlmişdir.
Kitabçada küçələrdə və izdihamlı yerlərdə davranışın əsasları şərh edilir, şəxsi təhlükəsizliyə hədə-qorxu təqdirində dərhal müraciət etmək üçün müvafiq orqanların əlaqə telefonları göstərilir, habelə özünümüdafiə fəndlərindən danışılır. Nazirlik əmindir ki, bu cür kitabçalar əcnəbi tələbələrin təhlükəsizliyini müəyyən dərəcədə təmin etməyə imkan verəcəkdir.
Xatırladaq ki, oktyabrın 9-da Voronejdə dörd əcnəbi tələbəyə basqın nəticəsində Peru vətəndaşı Anxelis Urtado Enrike vəhşicəsinə qətlə yetirilmişdir. Faktla əlaqədar Voronej vilayət prokurorluğu cinayət işi qaldırmışdır. Tələbələrə basqında şübhəli bilinən dörd nəfər həbs edilmişdir.