SİYASƏT
Rusiyalı müşahidəçilər Azərbaycanda keçirilmiş seçkilərlə bağlı fikirlərini bildiriblər
Bakı 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də “Rossiya seqodnya” beynəlxalq mətbuat mərkəzində ölkəmizdə keçirilmiş seçkiləri izləmiş bir qrup rusiyalı müşahidəçi mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası İctimai Palatasının beynəlxalq əməkdaşlıq komissiyasının sədri Sergey Markov, Rusiya Federasiyası Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Olqa Kazakova, habelə İctimai Palata katibinin müavini, Rusiya Hüquqşünaslar Assosiasiyasının rəyasət heyətinin üzvü Vladislav Qrib iştirak ediblər.
S.Markov V çağırış Milli Məclisə seçkiləri ”düzgün, ədalətli, Azərbaycan xalqının iradəsini ifadə edən” seçkilər kimi xarakterizə edib. O qeyd edib ki, seçicilərin namizədlərinə sərbəst səs vermələri üçün lazım olan şərait yaradılıb. Deputatlığa namizədlər seçkiqabağı təşviqatda bərabər imkanlardan istifadə ediblər.
Onun fikrincə, Yeni Azərbaycan Partiyasından xeyli sayda deputatlığa namizədin dəstəklənməsinin səbəbi onun nümayəndələrinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş, ölkəmizdə müşahidə olunan sürətli iqtisadi yüksəlişə və sabitliyin möhkəmlənməsinə yönəldilən siyasi kursa sadiq qalmalarıdır.
Komissiya sədri səsvermə prosesinin xarici KİV-lərdə neqativ işıqlandırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, seçkilərin qeyri-legitimliyi barədə əsassız fikirlər yalnız onu təsdiq edir ki, Azərbaycan həqiqətən də öz inkişafında əhəmiyyətli tərəqqiyə nail olub, müstəqil siyasət aparır. Bu isə ikili standartlar yürüdən, ölkədə sabitliyi və xalqın rifahını görmək istəməyən müəyyən siyasi qrupları qane etmir.
S.Markovun fikirlərini dəstəkləyərək A.Sidyakin vurğulayıb ki, Azərbaycanda vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilən proseslər uğurla həyata keçirilir. Onun fikrincə, Azərbaycan Qafqazdakı dövlətlərin heç birinə bənzəmir və son 20 ildə əldə etdiyi uğurlarla qürur duya bilər.
Diqqətə çatdırılıb ki, dövlətimizin qanunvericilik bazası və seçki təcrübəsi başqalarına nümunə ola bilər.
Konfrans iştirakçıları Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərin qənaətbəxş olmasını, hər iki ölkənin rəhbərliyi, parlamentariləri və müxtəlif təşkilatları səviyyəsində əlaqələrini qeyd ediblər. Onlar seçkilərin nəticələrinin iki dövlətin gələcək əməkdaşlığına kömək edəcəyinə əmin olduqlarını bildiriblər.