İDMAN
Rusiyalı yarımmüdafiəçi: “Neftçi”də futboldan həzz alıram
![Rusiyalı yarımmüdafiəçi: “Neftçi”də futboldan həzz alıram](/files/2023/3/1200x630/1702454252319788942_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
“Yeni komandaya və ölkəyə uyğunlaşmaq çətin olmadı. Azərbaycanın mentaliteti mənə yaxındır. Qafqazda doğulub böyümüşəm, ona görə də bura köçəndə heç bir problem yaşamadım. Komandada yaxşı qarşılandım”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Reziuan Mirzov Rusiya mətbuatına müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi Bakının yaxşı və çox gözəl şəhər olduğunu bildirib: “Mənim üçün hətta bir qədər gözlənilməz oldu. Bu şəhəri bəyəndim. Artıq bir neçə görməli yeri, eləcə də, İçərişəhəri ziyarət etmişəm. Bakıda hava Moskvadakı kimi soyuq deyil. Son vaxtlar bir az soyuyub, amma yenə də burada özümü yaxşı hiss edirəm”.
O, “Neftçi”ni seçməsinin səbəbini də açıqlayıb: “Ximki” ilə müqaviləm başa çatdıqdan sonra qarşıma məqsəd qoydum ki, Avropaya getməyə çalışmalıyam. Özümü ölkə xaricində sınamaq istəyirdim. Yayda Yunanıstan, Kipr və Türkiyə klubları ilə danışmışdım. Həyat tərzi baxımından Türkiyə variant mənə daha yaxın idi. “Neftçi”dən təklif isə transfer pəncərəsinin son günündə gəldi. Seçimimə din məsələsi də təsir etdi. Azərbaycan islam ölkəsidir. “Neftçi”dən təklif gələndə bir az fikirləşib qəbul etdim. Bütün detalları çox tez razılaşdırdıq”.
Təcrübəli oyunçu Bakı klubundan təklif gələndə “Sabah”da çıxış edən Ayaz Quliyevlə məsləhətləşdiyini söyləyib: “Azərbaycan çempionatında oynamaq ideyası Quliyevin buraya köçməsindən sonra ortaya çıxdı. Ondan ölkə və çempionatla bağlı soruşdum. “Neftçi”yə keçməyimdə Ayazın böyük rol oynadığını deyə bilərəm”.
R. Mirzov Azərbaycan çempionatını Rusiya Premyer Liqası ilə müqayisə edib: “Burada üç güclü komanda var: “Sabah”, “Qarabağ” və “Neftçi”. Onlar avrokubokların təsnifat mərhələsində oynayırlar. Gəlib çempionatı görəndə yaxşı mənada təəccübləndim. Liderlərlə rəqabət apara biləcək beş-altı komanda var. Bir mövsümdə eyni rəqiblə dörd dəfə oynamağımızda problem görmürəm. Digər üstünlük uzun uçuşların olmamasıdır. Komandaların əksəriyyəti Bakıda məskunlaşıb və səfər matçlarına avtobusla çatmaq maksimum dörd saat çəkir. İnfrastruktur baxımından hər şey qaydasındadır”.
Yarımmüdafiəçi “Neftçi”də futboldan həzz aldığını vurğulayıb: “Başa düşürəm ki, karyeramın sonuna dörd-beş ili qalıb və mən əylənmək istəyirəm. Heç bir şey sənin xeyrinə olmayanda futboldan yorulursan və əylənmirsən. “Neftçi”də hər şey fərqlidir: oynayıram, məşq edirəm, ən əsası isə oyundan həzz alıram. Karyeramı bitirənə qədər futboldan almaq istədiyim məhz budur”.