SİYASƏT
RUSİYANIN TBİLİSİ YAXINLIĞINDAKI KEÇMİŞ VAZİANİ HƏRBİ BAZASINDA BƏDBƏXT HADİSƏ
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, avqustun 18-də Gürcüstan Müdafiə Nazirliyinin Tbilisi yaxınlığındakı Vaziani bazasının poliqonunda bədbəxt hadisə baş vermişdir. Qəsəbənin sakinlərindən biri satmaq üçün burada metal qırıntıları toplayarkən döyüş sursatı onun əlində partlamışdır. O, çoxlu bədən xəsarəti almış və xəstəxanada onun sol qolunu kəsmişlər.
Əvvəllər bu poliqondan Vazianidə yerləşən Rusiya bazasının əsgərləri istifadə edirdilər. 2000-ci ildə baza Gürcüstan Müdafiə Nazirliyinə verildikdən sonra poliqon minalardan təmizlənməmişdir və onun ərazisinin bir hissəsindən Rusiyanın ölkədəki hərbçilərinə məxsus digər obyektlərdən gətirilən mərmilərin partladılması üçün istifadə edilir. Lakin burada çoxlu metal qalmaqdadır. Odur ki, yerli sakinlər heç nəyə məhəl qoymayaraq, öz güzəranını yaxşılaşdırmaq üçün bu metal qırıntılarını toplayıb satmaqla məşğul olurlar. Bu isə bəzən faciə ilə nəticələnir. Son illər döyüş sursatının partlamasından Vaziani qəsəbəsinin 10-dan çox sakini həlak olmuş və xəsarət almışdır.