REGİONLAR
Sabirabadda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb
Sabirabad, 9 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan rayonun Cavad kənd sakini Mübariz Əhmədliyə və Qaratəpə kənd sakini Əmir Bədəlova ev şəraitində müalicə təyin olunub, karantin qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Lakin həmin şəxslər yaşadıqları ünvanları tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıblar.
Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxslərin qanunazidd hərəkətlərinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Hər iki şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.