SİYASƏT
Sabirabadlılar Milli Qurtuluş Gününü təntənə ilə qeyd etmişlər
Sabirabad, 13 iyun (AZƏRTAC). İyunun 13-də Sabirabadda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər Ulu Öndərin xalqımız qarşısındakı böyük xidmətlərindən ətraflı söhbət açmışlar. Bildirilmişdir ki, dahi rəhbər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatının bütün sahələrində ciddi irəliləyişlərə nail olunmuşdur. Qanunsuz silahlı birləşmələr ləğv edilmiş, ictimai-siyasi sabitlik bərpa olunmuşdur.
Çıxış edənlər 1993-cü ilin iyunundan sonra qazanılan uğurların - iri neft layihələrinin imzalanmasının, sosial-iqtisadi sahələrdə aparılan islahatların, ölkəmizin hazırkı sürətli inkişafının və regionda lider dövlətə çevrilməsinin məhz Ulu öndərin başladığı məqsədyönlü siyasətin davamı olduğunu diqqətə çatdırmışlar.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti olmuşdur. Mədəniyyət və incəsənət ustalarının ifasında səslənən rəngarəng mahnılar, rəqs nümunələri hər kəsdə xoş ovqat yaratmışdır.