RƏSMİ XRONİKA
ŞAH ABBAS MƏSCİDİ YENİ GÖRKƏM ALMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 24-də Prezident İlham Əliyev Gəncədəki Şah Abbas məscidi ilə tanış olmuşdur. Bu cümə məscidi 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında tikilmişdir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılmışdır. Dövlət tərəfindən qorunan bu abidə indi yeni görkəm almışdır.
Dövlətimizin başçısı məsciddə aparılmış təmir-bərpa işlərinin səviyyəsindən razılığını bildirdi. Prezidentə “Qurani-Kərim” hədiyyə olundu.
X X X
Sonra Prezident İlham Əliyev şəhərin Heydər Əliyev adına baş meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Burada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Şəhərin 2502 illiyi münasibətilə dövlətimizin başçısına qədim Gəncə darvazasının açarları təqdim olundu.
Dövlətimizin başçısı təşəkkür edərək, indiki səfəri zamanı Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etdiyini, quruculuq-abadlıq işləri ilə tanış olduğunu söylədi. Respublikanın ikinci böyük şəhəri olan Gəncənin inkişafını yüksək qiymətləndirdi və insanların yaxşı yaşaması, sosial vəziyyətinin yaxşılaşdırılması üçün bundan sonra da lazımi tədbirlərin görüləcəyini bildirdi. Prezident İlham Əliyev gəncəliləri qarşıdan gələn Ramazan bayramı, habelə Gəncə şəhər günü münasibətilə ürəkdən təbrik etdi.
X X X
Daha sonra dövlətimizin başçısı Nizami Gəncəvinin məqbərəsini ziyarət etdi.
Bununla da Prezident İlham Əliyevin Gəncəyə səfəri başa çatdı.