RƏSMİ XRONİKA
ŞAHBUZ RAYONUNDA HƏRBÇİLƏR ÜÇÜN YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 3-də Şahbuz rayonunda hərbçilər üçün tikilmiş bina istifadəyə verilmişdir.
Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə raport verdi.
Hərbçilər və onların ailə üzvləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə mənzillərlə tanış oldu. Məlumat verildi ki, muxtar respublikanın daxili imkanları hesabına tikilmiş beşmərtəbəli binada zabit və gizirlərin ailələri yaşayacaqdır. Hərbçilər üçün istirahət və kompyuter otaqları da vardır. Mənzillər yüksək zövqlə, mebel dəstləri və məişət avadanlığı ilə təchiz olunmuş, bütün mənzillərə qaz xətti çəkilmişdir. Binada mağaza, poçt və iaşə obyektləri, camaşırxana və digər yardımçı otaqlar da var. Yaxın gələcəkdə daha bir yaşayış binasının inşası nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, mənzillərin orderlərini hərbçilərə təqdim edərək, onlara xoş arzularını çatdırdı.
Yeni mənzillərin sakinləri onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdilər.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan MR-ə səfəri davam edir.
######