İQTİSADİYYAT
“Şahdəniz-2” layihəsi çərçivəsində ilk quyu hasilata hazır vəziyyətə gətirilib
Bakı, 21 fevral, AZƏRTAC
“Şahdəniz-2” layihəsi çərçivəsində ilk quyunun qazılması tamamlanıb və hasilata hazır vəziyyətə gətirilib.
Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, 2016-cı ildə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusu qazılıb və hasilata başlamaq üçün təhvil verilib. Bundan sonra isə SDA10 quyusunun dərin hissələrində qazma işlərinə başlanıb. Bu işlər hazırda davam edir.
İstiqlal qazma qurğusunda yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatıb. İlin dördüncü rübündə bu qazma qurğusu SDC04 quyusunu tamamlanıb. Bu da “Şahdəniz-2” layihəsi çərçivəsində tamamlanıb və hasilata hazır vəziyyətə gətirilmiş ilk quyudur. Heydər Əliyev qazma qurğusu SDG02 və SDG04 quyularının məhsuldar lay hissələrini qazıb. Hazırda bu qurğuda SDF01 quyusunun üst hissəsində qazma işlərinə başlamaq üçün hazırlıq işləri aparılır.
Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.