İQTİSADİYYAT
“Şahdəniz-2” üzrə 16 quyu tamamlanıb
Bakı, 4 fevral, AZƏRTAC
2020-ci ildə “Şahdəniz-2” layihəsi üzrə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “İstiqlal” qazma qurğusu “SDF03” quyusunda sualtı tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDF05” quyusunu bitirərək konservasiya edib və “SDH03” quyusunun alt hissəsini qazmağa başlayıb.
Bu iki qurğu “Şahdəniz-2”dən hasilat və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-nı tamamlayıb - yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb. Qərb cinahın cənub hissəsində 2 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.