İQTİSADİYYAT
“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 89 faizdən çoxu tamamlanıb
Bakı, 21 fevral, AZƏRTAC
Keçən il “Şahdəniz Mərhələ 2” layihəsi uğurla irəliləməyə davam edib. Hazırda layihə üzrə işlərin - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə, 89 faizdən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycandakı bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
2016-cı ilin sentyabr ayında layihə mühüm bir hadisəni qeyd edib, “Şahdəniz Mərhələ 2” üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı dərin özüllər zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Dayaq blokunun rəsmi yolasalma mərasimində Prezident İlham Əliyev iştirak edib. Hasilat və dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri təhlükəsiz şəkildə üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması işləri isə noyabr ayında başa çatdırılıb.
ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır.
2016-cı ildə işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları olub.