RƏSMİ XRONİKA
SAHİBKARLIQ FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN DÖVLƏT QEYDİYYATININ “BİR PƏNCƏRƏ” PRİNSİPİ ÜZRƏ TƏŞKİLİNİN TƏMİN EDİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkilinin 2008-ci il 1 yanvar tarixindən həyata keçirilməsi ilə bağlı proqram təminatının lisenziyasının alınması və müvafiq avadanlıqların alınıb quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Vergilər Nazirliyinə 4 000 000 (dörd milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
bəndində göstərilən vəsaitin ödənilməsi və təyinatı üzrə istifadəsinə nəzarəti təmin etsin.
3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci
bəndində göstərilən vəsaitin təyinatı üzrə istifadəsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2007-ci il.