DÜNYA
Şahzadə Uilyam “təcili yardım” helikopterinin pilotu olmaq istəyir
Bakı, 26 may (AZƏRTAC). Britaniya KİV-lərinin verdiyi məlumata görə, bir il bundan əvvəl ordudan tərxis olunmuş Britaniya şahzadəsi Uilyam “təcili yardım” helikopterinin pilotu olmağa hazırlaşır. Xatırladaq ki, şahzadə Uilyam orduda xidmət edərkən xilasetmə helikopterinin pilotu olmuşdur.
31 yaşlı Uilyama yaxın mənbələrdən alınan məlumata görə, peşə karyerasını yarımçıq qoymağa məcbur olması şahzadəni məyus etmişdir və o, özünü bütünlüklə kral ailəsinin üzvünə aid vəzifələrin yerinə yetirilməsinə həsr etməyə hələ hazır deyildir.
Həmin vəzifələr əsasən ölkə daxilində və xarici ölkələrə səfər etməkdən, xeyriyyəçilik tədbirlərində və kübar məclislərində iştirak etməkdən ibarətdir.
İnformasiya mənbələri bildirirlər ki, Uilyam öz planları barədə kraliça II Elizabet ilə məsləhətləşmişdir. Britaniyalı hərbi təyyarəçilərin əksəriyyətinin istefaya çıxdıqdan sonra etdikləri kimi, kraliçanın nəvəsi də yaxın vaxtlarda kommersiya aviasiyası pilotu kimi işləmək üçün lisenziya almaq niyyətindədir.
Yaxın aylarda şahzadə Uilyamın Şərqi İngiltərə “təcili yardım” xidmətinin pilotu kimi işləməyə başlaması nəzərdə tutulur. Yeri gəlmişkən, şahzadə Uilyamın və onun xanımı hersoginya Keytin “Anmer Hall” adlı şəhərətrafı iqamətgahı bu regionda yerləşir. Bu xidmətin pilotları 5 gün dalbadal hər növbədə 10 saat işləyir, sonra isə 3 gün dincəlirlər.
Qarşıdan gələn cümə axşamı günü Uilyam və Keyt Şotlandiyaya səfər edəcəklər. Şahzadə həmin səfər çərçivəsində Pert şəhərindəki “təcili yardım” helikopterləri bazasına getmək niyyətindədir.