SİYASƏT
Sankt-Peterburqun Tavrida sarayının Atriumunda Əlimərdan bəy Topçubaşovun büstünün açılışı olmuşdur
Moskva, 18 aprel (AZƏRTAC). Aprelin 17-də Sankt-Peterburqda MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının 40-cı yubiley plenar iclası işə başlamışdır. Ənənəvi bahar sessiyası çərçivəsində Tavrida sarayının Atriumunda görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstünün, habelə onun həyat və yaradıcılığı barədə sərginin açılışı olmuşdur.
Əlimərdan bəy Topçubaşov 1906-1917-ci illərdə Çar Rusiyasının I çağırış Dövlət Dumasının deputatı və Dumada müsəlman fraksiyasının rəhbəri olmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini, MDB Parlamentlərarası Assambleya Şurasında Azərbaycan Milli Məclisinin nümayəndəsi Aydın Cəfərov iclas iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikası hökumətinə, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğuna və Azərbaycan Xarici İşlər Nazirliyinə Ə.Topçubaşovun büstünün hazırlanmasına verdikləri dəstəyə, habelə onun həyat və yaradıcılığına həsr olunmuş sərginin təşkil edilməsinə görə təşəkkürünü bildirmişdir.
RF Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Ə.Topçubaşovun Parlamentlərarası Assambleyaya hədiyyə edilmiş büstünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Federasiya Şurasının sədri Valentina Matviyenkonun adından təşəkkürünü bildirmişdir. Milli Məclisin regional məsələlər komitəsinin sədri, Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri və Çar Rusiyası I çağırış Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri vəzifəsində səmərəli fəaliyyəti barədə söhbət açmışdır. O, Azərbaycan dövlətçiliyinin təşəkkülünə Ə.Topçubaşovun qiymətli töhfələr verdiyini qeyd etmişdir.
Sonra Azərbaycan Xarici İşlər Nazirliyinin informasiya və ictimai əlaqələr idarəsinin rəisi Cavanşir Məmmədov Ə.Topçubaşovun həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı, nisbətən az məlum olan faktlar üzərində dayanmışdır. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin demokratikləşməsi prosesində Ə.Topçubaşovun rolunu xüsusi vurğulamışdır.
Əlimərdan bəy Topçubaşov 1864-cü ildə Tiflisdə anadan olmuşdur. O, tanınmış torpaq sahibkarı ailəsindən idi. 1884-cü ildə Tiflisdə I şəhər gimnaziyasını bitirmiş və Sankt-Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1888-ci ildə Ə.Topçubaşov Sankt-Peterburq Dövlət Universitetini bitirərək hüquq üzrə elmlər namizədi dərəcəsi almışdır.
Tədbirdə MDB Parlamentlərarası Assambleyasının rəhbərləri və nümayəndələri, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, habelə MDB ölkələri parlamentlərinin üzvləri və Rusiya KİV-lərinin çoxsaylı nümayəndələri iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva