MƏDƏNİYYƏT
“Şaxta baba ucqar kəndlərdə” layihəsi haqqında məlumat verilib
Bakı, 26 yanvar, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının “ARTIM” layihə məkanında “De/Konstruksiya” müzakirələri çərçivəsində “Camping Azerbaijan” ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Camping Azerbaijan”ın həyata keçirdiyi “Şaxta baba ucqar kəndlərdə” layihəsi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, “Camping Azerbaijan” komandası artıq 4 ildir Azərbaycanın Quba və Qusar rayonlarının ucqar kəndlərinə "Şaxta baba ucqar kəndlərdə" layihəsi ilə qonaq gəlir. Onlar əvvəlcə uşaqlar üçün hədiyyələr, oyuncaqlar, müxtəlif əşyalar toplayır və onları Şaxta baba geyimində uşaqlara təqdim edirlər. Sonuncu səyahət fotoqraflar Zaur Mirzəyev, Elşən Baba və Eldar Əkbərov tərəfindən səfalı dağ mənzərələri fonunda sevinc, həyəcan və dostluq hissini göstərən rəngarəng fotolar ilə sənədləşdirilib. Tədbir zamanı “Camping Azerbaijan” komandasının həyata keçirdiyi sosial layihələr haqqında danışılıb və " layihəsinin sənədli foto təqdimatı da keçirilib.
“Camping Azerbaijan” ucqar kəndlərə, təbiət guşələrinə, yüksək dağlıq ərazilərə və Böyük Qafqaz dağlarındakı zirvələrə ictimai və fərdi turlar həyata keçirən ekoturizm şirkətidir. 2014-cü ildə bir nəfərlə fəaliyyətə başlayan təşkilatın hazırda on üzvü var.. Azərbaycanın təbiət turizminə ən çox yeni marşrut töhfəsini məhz “Camping Azerbaijan” verib.
Nümayiş olunan fotolar satışdadır. Əldə edilən gəlir gələcəkdə kəndlərdəki uşaqların üç günlük paytaxta gəlmələri üçün istifadə olunacaq.