DÜNYA
SƏDDAM HÜSEYNİN AÇIQ MƏHKƏMƏSİNİN MÜMKÜN NƏTİCƏLƏRİ BARƏDƏ
AZƏRTAC xəbər verir ki, Londonda çıxan “Əş-Şərq Əl-Ausət” ümumərəb qəzetinin yazdığına görə, ekspertlərin qənaətincə, oktyabrın 19-da Bağdadda başlanmalı olan məhkəmə prosesi İraqda hərbi kampaniya aparan amerikalıların əlində “ikiağızlı silaha”a çevrilə bilər. İcmalçıların fikrincə, ABŞ hərbi komandanlığı məhkəmə prosesindən onların İraqda olmasına haqq qazandıran hal kimi istifadə edə bilər.
Sabiq İraq lideri və onun yaxın silahdaşları üzərində məhkəmə üçün yaradılmış İraq xüsusi tribunalının hakimi Raid Cohi bu yaxınlarda bildirmişdir ki, “Səddamın işi üzrə məhkəmə istintaqı açıq olacaq və məhkəmə iclasında vətəndaşların, habelə mətbuat nümayəndələrinin və beynəlxalq müşahidəçilərin iştirakı mümkün hesab edilir”.
Qəzet yazır ki, Səddam Hüseyn xüsusi tribunalın beş hakimindən ibarət hakimlər kollegiyası qarşısında cavab verəcəkdir. Məhkəmə iclasının bağlı qapı arxasında keçirilməsi yalnız o halda mümkündür ki, məhkəmənin özü bu cür qərar çıxarsın.
Məhkəmə prosesinin birinci günü Səddam Hüseynə və onun yaxın silahdaşlarına qarşı ittihamlar rəsmən irəli sürüləcəkdir. Son məlumata görə, 1982-ci ildə Əd-Düceyl kəndində 140 şiənin öldürülməsi ilə bağlı ittihamda Səddam Hüseyn özünü özü müdafiə etməyə hazırlaşır. Raid Cohi qəzetə müsahibəsində demişdir ki, Səddamın təqsirləndirildiyi digər 12 epizodda məhkəmə istintaqı indiyədək başa çatmayıbdır. Məhkəmə orqanları bu prosesi tezliklə başa çatdırmaq üçün mümkün olan bütün tədbirləri görürlər.