REGİONLAR
Şəhid ailələri ziyarət olunur
Lerik, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə reallaşan layihə çərçivəsində Lerik rayonunun Mistan kəndində şəhid Çingiz Babayevin və Çayrud kəndində şəhid Cavad Hüseynovun ailə üzvləri ilə görüşlər keçirilib.
Görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Səyyad Babakişiyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı İsgəndər Tahirli və başqaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanan görüş iştirakçıları, Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Lerikdən olan döyüşçülərin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Çıxışlarda qeyd olunub ki, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Azərbaycan xalqı qəhrəman xalqdır.
Görüş iştirakçıları hər iki şəhidin məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.