REGİONLAR
Şəhid Elvin İsmayılovun qəhrəmanlıq dolu xatirələri yada salınıb
Beyləqan, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində canını fəda edən qəhrəmanlarımızdan olan şəhid Elvin İsmayılovun xatirəsi anılıb. Şəhidin ziyarətində onun ailəsi ilə birlikdə rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan tarixinə yazılan 44 günlük Zəfər yürüşünün iştirakçılarından olan şəhid Elvin İsmayılovun anım günü onun məzarı önündə qeyd edilib. Şanlı tarixin yazılmasında canını fəda edən Elvinin şərəfli ömür yolundan xatirələr yada salınıb. Bildirilib ki, o, 1989-cu il martın 9-da Beyləqan rayonunda dünyaya göz açıb. Hələ kiçik vaxtlarından vətənpərvərliyi ilə seçilən Elvin gələcəkdə hərbçi olmaq arzusu ilə böyüyüb. Həqiqi hərbi xidmətini layiqincə yerinə yetirdikdən sonra öz istəyi ilə müddətdən artıq xidmətçi olaraq Vətənin keşiyində dayanıb. Aprel döyüşlərində də iştirak edən Elvin qəhrəmanlığı ilə seçilib. Xidməti dövründə Azərbaycan Ordusunun yaranmasının 95 və 100 illik medalı ilə təltif edilib. Həmçinin “Qüsursuz xidmətə görə” medalına layiq görülüb. Vətən müharibəsində ilk döyüşlərə qoşulanlar sırasında Elvin də yer alıb. Füzuli istiqamətində düşmənin keçilməz sədlərinin yarılmasında və cəbhədən gələn ilk qələbə xəbərində onun da payı olub. Cəbrayıl torpaqlarının azad olunmasında qəhrəmanlığı ilə yadda qalıb. Vətən müharibəsinin ilk günlərində Cəbrayılın Nüzgar kəndi istiqamətində gedən döyüşlər zamanı Elvin qəhrəmancasına döyüşərək şəhadətə yüksəlib.
Qeyd edək ki, şəhid Elvin İsmayılov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olub.