MƏDƏNİYYƏT
Şəhid leytenant Elməddin Qəhrəmanov haqqında videoçarx hazırlanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı şəhid leytenant Elməddin Qəhrəmanovun anadan olmasının 25 illiyinə həsr edilmiş videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şəhid Elməddin Qəhrəmanovun keçdiyi şərəfli ömür yoluna nəzər salınıb.
Videoçarxda qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Elməddin Niyaməddin oğlu Qəhrəmanov 1997-ci il yanvarın 27-də Naxçıvan MR-in Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. O, 2003-2011-ci illərdə Kəngərli rayonu Qıvraq qəsəbəsindəki tam orta məktəbdə, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. O, 2018-ci ildə leytenant hərbi rütbəsi alaraq ilk xidmət yeri olan Ağdam rayonunda taqım komandiri vəzifəsində fəaliyyətə başlayıb.
Leytenant Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 6-da Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Kəngərli rayonunun Qıvraq qəsəbəsində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin Qəhrəmanov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.