REGİONLAR
Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır
Qəbələ, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Qəbələ rayonunun Zərgərli kəndindən olan şəhid Şöhrət Mikayılovdur. Noyabrın 1-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra rayon rəhbərliyi şəhid Şöhrət Mikayılovun ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.