İDMAN
ŞƏKİDƏ QADINLAR ARASINDA BEYNƏLXALQ ŞAHMAT TURNİRİNİN AÇILIŞI OLMUŞDUR
Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Şahmat Federasiyası və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən turnirdə 7 ölkədən - Azərbaycan, Rusiya, Gürcüstan (hərəyə iki şahmatçı), Ukrayna, Yunanıstan, Rumıniya və Sloveniyadan 10 şahmatçı mübarizə aparacaqdır. Yarışlarda ölkəmizi dəfələrlə Azərbaycan çempionu Elmira Əliyeva və gənc şahmatçı Nərgiz Umudova təmsil edirlər. İştirakçılar arasında Nona Qaprindaşvili, Yekaterina Kovalevskaya, Natalya Jukova kimi tanınmış şahmatçılar vardır.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, yarışların baş hakimi Faiq Həsənov və beynəlxalq turnirin direktoru Mahir Məmmədov mərasimdə çıxış edərək bildirmişlər ki, Azərbaycanda qadınlar arasında belə mötəbər şahmat turniri sonuncu dəfə 17 il əvvəl keçirilmişdir. Mükafat fondu 9 min ABŞ dolları olan bu turnirin Şəkidə keçirilməsi bölgələrdə beynəlxalq yarışların təşkilinə zəmin yaratmaq, idmanı inkişaf etdirmək məqsədi daşıyır.
Sonra Azərbaycanın şahmat həyatından bəhs edən film nümayiş olunmuşdur.
Turnirin rəsmi açılışından sonra Şəki Olimpiya İdman Kompleksində yarışların ilk turu başlanmışdır. Yarışlar oktyabrın 23-dək davam edəcəkdir.