REGİONLAR
Şəkili fermerlər indiyədək 3820 ton quru tütün istehsal ediblər
Şəki, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək rayonda 3 min 820 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 840 tonu bu günədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə satılıb və hazırda proses davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 1241 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 383 hektar sahədə “Virciniya botaniki”, 858 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133 hektar artıb. Hazırda rayonda tütünçülüklə 350-dək fermer məşğul olur. Tütünçülük təsərrüfatlarında 1200 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3 min 815 ton quru tütün əldə ediblər.
Rayonun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpininə hazırlıq işləri də yekunlaşıb. Səpinə yaxın günlərdə başlanılacaq. Eyni zamanda, indiyədək rayon ərazisində 250 hektaradək sahəyə yaşıl yem üçün xəsil arpa da səpilib.