REGİONLAR
Şəkili oyma ustası: “ABAD”la əməkdaşlıq sənətkar kimi tanınmağıma yaxşı təsir göstərir
Şəki, 4 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
“ABAD”ın dəstəklədiyi şəkili sənətkar Zahid Vələdov bir neçə ildir ki, ağac üzərində oyma sənəti ilə məşğul olur. Onun atası, milli musiqi alətlərimizin mahir ustası, eyni zamanda, gözəl tar ifaçısı Mahir Vələdov sənətkarlar diyarı Şəkinin ilk “ABAD”çılarından olub. Üç il əvvəl atası vaxtsız həyatdan köçəndən sonra Zahid ailənin sənətkarlıq ənənələrini davam etdirmək qərarına gəlib, eyni zamanda, “ABAD”la əməkdaşlığa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri sənətkarla Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə, vaxtilə atasının da çalışdığı emalatxanada görüşüb söhbətləşib, fəaliyyəti ilə maraqlanıb.
Uşaqlıqdan incəsənət sahəsinə maraq göstərən Zahid Vələdov 2011-ci ildə Şəki şəhərindəki musiqi kollecini tar ixtisası üzrə bitirib. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Şəki şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində tar müəllimi işləyib. Zahid atasının yarımçıq qalmış işlərini davam etdirmək məqsədilə 2018-ci ildə “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulub.
“ABAD”la əməkdaşlığın onun bir sənətkar kimi formalaşmasına və tanınmasına yaxşı təsir göstərdiyini vurğulayan Zahid usta deyib: “Uşaq və gənclik illərimdə atamın çalışdığı bu emalatxanaya gələr, milli musiqi alətlərimizin müxtəlif hissələrinin hazırlanmasında ona kömək edərdim. Atam “ABAD”a qoşulduqdan sonra biz ağacdan kiçik ölçüdə milli musiqi alətlərimizdən olan tar, kamança, qaval, saz, tütək, nağara, muğam üçlüyü kompozisiyası və digər suvenirlər hazırlamağa başladıq və beləliklə, öz kiçik biznesimizi yaratdıq”.
Zahid Vələdov “ABAD” layihəsinə qoşulduqdan sonra qısa müddətdə özünü ağac üzərində oyma ustası kimi tanıda bilib. Hazırda onun ağacdan hazırladığı milli suvenirlər, kiçik ölçülü musiqi alətlərindən ibarət kompozisiyalar Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır. Bu gün Zahidin əl işləri “ABAD”ın Bakı şəhərində fəaliyyət göstərən sənətkarlıq mərkəzlərində satışa çıxarılır. Bu işlərin qiyməti 3 manatdan başlayır və ölçülərinə, işlənmə texnikasına görə artır.
Zahid usta, eyni zamanda, musiqiçilər üçün tar, kamança və qaval da hazırlayır. O, həm də tarda peşəkar səviyyədə ifa edir. Sənətkarın sözlərinə görə, musiqi alətləri düzəldənlər gərək ifa etməyi də bacarsınlar. Çünki bu sənətlər bir-birini tamamlayır. Elə usta var ki, yaxşı tar düzəldir, ancaq tarı kökləyə bilmir. Əgər çalmağı, kökləməyi bacarmırsansa, müəyyən incəlikləri bilmirsənsə, düzəltdiyin tar yaxşı alınmayacaq.
Bu sənət həm də Zahidin ailəsinin yaşayışını, güzəranını təmin edir. Düzəltdiyi tarların qiyməti 250-300 manatdan başlayır, materialına, ölçüsünə, səslənməsinə görə qiymətlər də artır. Sifarişlərdən heç bir narazılığı yoxdur. Son vaxtlar tar üçün müraciət edənlər çoxalıb.