REGİONLAR
Şəmkirdə Zəfər Marafonu təşkil olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Şəmkirdə rayon icra hakimiyyətinin və rayon Gənclər idman idarəsinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Zəfər Marafonu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Qarabağ Azərbaycandır”, “Zəfər Tariximiz”, “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarları altında keçirilən tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak ediblər.
Şəmkir RİH başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.
İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, Marafon iştirakçılarına uğurlar arzulayıb: "44 günlük Vətən müharibəsi tariximizin qızıl hərflərlə yazılan, qürur yaşadan səhifələridir. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinci, qüruru biz onlara borcluyuq".
Daha sonra marafona start verilib. Marafonda 300 nəfərdən çox şəxs iştirak edib. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər xiyabanınadək olan məsafəni qət ediblər.
Yarışda finiş xəttini ilk olaraq N saylı Hərbi Hissənin zabiti Sənan Qocayev, ikinci isə idmançı Fərhad Zamanov keçib. 3-cü yerin qalibi isə 11-ci sinif şagirdi Əli Əliyev olub.
İlk üç yerin qalibləri hədiyyələrlə mükafatlandırılıb.
Qaliblərə mükafatları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təqdim edib.