SİYASƏT
Şəmkirdəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir
Şəmkir, 13 iyun (AZƏRTAC, Sabir Əliyev). Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində “15 İyun - gələcəyimizin zəmini” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzin direktoru Məleykə Əlizadə açaraq 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda yaranmış hakimiyyət böhranından, bunun da nəticəsində hökm sürən xaos və anarxiyadan danışmış, yalnız xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində bütün bu təhlükələrə son qoyulduğunu faktlarla diqqətə çatdırmışdır.
Sonra Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin qərb bölgəsi üzrə sədri Almaz Aşurov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva və başqaları çıxış edərək 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsinin yaranması təhlükəsi zamanı ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək yaranmış mövcud təhlükəni aradan qaldırmasından, dahi rəhbərin siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətçiliyimizin məhv olmasının qarşısının alınmasından söhbət açmışlar.
“Dəyirmi masa”nın sonunda Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Azərbaycançılıq və liderlik” məktəbinin dinləyicilərinə sertifikatlar təqdim olunmuşdur.